ANADOLU ÇIRAĞI


AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Anadolu çırağı” kitabı İstanbulda türk dilində nəşr olunub.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə nəşr olunan kitab tanınmış yazıçı Mətin Yıldırım tərəfindən tərcümə edilib.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin ön söz müəllifliyi ilə nəşr olunan kitabda bir roman, bir hekayə və bir dram yer alıb.
Kitabdakı hər üç əsərdə Azərbaycan və Türkiyə xalqlarının düçar olduğu erməni təcavüzkarlığına dair mühüm məqamlar əks etdirilir. Müəllif Sarıqamış faciəsinin dəhşətləri və ondan Osmanlı dövlətinə qarşı istifadə olunması, 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad edilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımında əsir alınan azərbaycanlıların yaşadıqları məşəqqətlər, həmçinin XX əsrin əvvəllərindən başlayaraq xalqlarımızın məruz qaldığı ağır cinayətlərin sovet dövründə unutdurulması məqsədilə yürüdülən amansız siyasətin ayrı-ayrı istiqamətləri barədə türkdilli oxuculara obrazlı şəkildə ətraflı məlumat verir.
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xilaskarlıq missiyasının əhəmiyyətdən ətraflı bəhs edilir. Tarixi faktlar əsasında yazılan “Ölüm həsrəti” dramında qeyd edilir ki, əgər ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının qarşısı süni əngəllərlə alınmasaydı, o zaman təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edə bilməzdi.
İki min nüsxə ilə çap olunan, kitab mağazalarında və internet üzərindən satışa çıxarılan “Anadolu çırağı” əsərinin bütün yayım hüquqları “Eme-Truva” yayım evinə məxsusdur.